2011-2012-ci il tədris ilində V-XI sinif şagirdləri üçün vahid məktəbli formasının tətbiq edilməsi nəzərdə tutulub. Bu barədə ANS PRESS-ə Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı məlumat verib. Hələlik isə Bakı Şəhər Təhsil İdarəsi V-XI sinif şagirdlərinin məktəbli forması ilə bağlı məktəb direktorlarına yeni göstəriş verib. Göstərişə əsasən, Bakı şəhərində bütün orta təhsil müəssisələrinin şagirdləri dərsə məktəbli formasında gəlməlidirlər. Məktəbli formasını isə məktəblərin özləri müəyyən edir. "Təhsil Nazirliyi 2007-ci il avqust ayında bütün məktəblərin məktəbli formasına keçməsi ilə əlaqədar əmr imzalayıb. Bu əmrə əsasən hər bir məktəbin öz geyimi olur. Bu ildən etibarən ibtidai sinif şagirdləri üçün vahid məktəbli forması tətbiq edildi. Lakin, hazırda V-XI sinif şagirdlərinin geyimləri məktəbin özünün qəbul etdiyi formaya uyğundur. Yəni, bu formalar müxtəlif rənglərdə ola bilər. Birində göy, birində boz və s. Bununla əlaqədar, biz Bakı şəhərində bütün məktəblərin direktorlarından xahiş etmişik ki, şagird və valideynlərin nəzərinə çatdırsınlar ki, şagirdlər dərsə məktəbli formasında gəlsinlər. Formanı məktəb müəyyənləşdirir və dərs ilinin əvvəlində elan edir. Bu məktəbli formaya ayrı element daxil edilə bilməz. Biz tapşırıq vermişik ki, direktorlar buna nəzarəti gücləndirsinlər”, - deyə Zəminə Əliqızı vurğuladı. Z. Əliqızı məktəbli formasına hicab kimi əlavə geyimlərin zidd olduğunu bildirdi. Təhsil İdarəsinin verdiyi yeni tapşırıq isə bəzi hicablı şagirdlərin məktəbə buraxılmaması ilə nəticələnib. Məhz bu tapşırıqdan sonra valideynlərin narazılıqları çoxalıb.Belə şikayətlərdən biri də Bakı şəhəri Xətai rayonunda yerləşən 55 saylı məktəbin şagirdlərinin valideynlərindəndir. Valideyn Qorxmaz İsmayılov ANS PRESS-ə şikayətində bildirdi ki, şagirdlər dərsə hicabla gəldikləri üçün onları məktəbə buraxmayıblar."Mənim qızım IV sinifdə oxuyur. Dindar olduğu üçün başını bağlayır. Lakin məktəbin direktoru uşağı dərsdən qovub ki, ya başını aç, ya da dərsə gəlmə. Mən özüm direktorla görüşsəm də, heç bir faydası olmadı. Məcbur oluram ki, qızı məktəbdən çıxarım”, - deyə Qorxmaz İsmayılov qeyd etdi.Məsələ ilə əlaqədar məktəbin direktoru Vahid Dəmirov ANS PRESS-ə açıqlamasında uşaqların dərsə hicabla buraxılmamasının Bakı şəhər Təhsil İdarəsinin tapşırığına əsasən həyata keçirildiyini bildirdi."Biz əvvəllər hicablı şagirdlərə heç bir söz demirdik. Bilirsiniz ki, məktəblər məktəbli formasına keçib. Bununla əlaqədar bütün şagirdlərin geyimi eyni olmalıdır. Biz heç bir uşağı dərsdən qovmamışıq. Sadəcə valideynlərə başa salmağa çalışırıq ki, bütün şagirdlər eyni formada olmalıdır. Biz rəhbərliyin göstərişini həyata keçiririk”, - deyə məktəb direktoru vurğuladı. Qeyd edək ki, 2010-2011-ci tədris ilindən bütün Azərbaycanda ibtidai sinif şagirdləri vahid məktəbli formasına keçib. "Təhsil haqqında qanun"da isə hicabın qadağan olunması ilə bağlı birbaşa müddəa yoxdur
Bildiyimiz kim Azərbaycanda artıq təhsil mərkəzlərində hicaba rəsmi şəkildə qadağa qoyulub. Ölkənin ictimai təşkilatları, partiyaları, ruhaniləri bu qərarı kəskin şəkildə pisləyiblər. Mövcud şifahi hicab qadağasına etiraz bildirmək üçün yeni sayt açılıb. Sayta daxil olmaqla sizdə bu ədalətsiz qərara öz etirazınızı edə bilərsiniz.